Türkiyə və İran arasında “çat”lar böyüyür| İraqın mərkəzi hökuməti mövqeyini aydınlaşdırmalıdır

2024/05/1715251723.jpg
Oxunub: 975     15:23     09 May 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qambiyanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının nazirlər konfransındakı çıxışında müsəlman ölkələrini Fələstin dövlətinin elan edilməsi məsələsini regionun liderliyi uğrunda rəqabətə aid etməməyə çağırıb.

Yaxın Şərqin İslam ölkələri arasında Türkiyə, İran və Səudiyyə Ərəbistanının nüfuz sahibi olduğunu daha öncəki məqalələrimizdə bildirmişdik. Hakan Fidanın kimi nəzərdə tutduğunu son məlumatdan güman etmək olar: İran prezidenti İbrahim Rəisi İraq Kürdüstanının paytaxtı Ərbilə səfər edib və regional hökumətin başçısı Neçirvan Bərzani ilə danışıqlar aparıb.

Rəisi yerli və mərkəzi hökuməti İraq ərazisinin İrana və “İslam inqilabı”na qarşı istifadəsinə icazə verməməyə çağırıb. O, faktiki olaraq İraq hökumətindən İrana qarşı işləyən qüvvələri tərksilah etməyi və deportasiya etməyi tələb edib. İran prezidenti ötən ay Türkiyə ilə İraq arasında əldə olunan prinsipial razılaşmadan sonra İraq Kürdüstanına səfər edib. Türkiyə İraqın şimalında 30 kilometr dərinlikdə bufer zona yaratmağı hədəfləyən hərbi əməliyyata hazırlaşır.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri hərbi əməliyyatın İranın maraqlarını da nəzərə alacağını açıqlamışdı. Amma görünən odur ki, Türkiyə-İran təmasları bəyanatdan o tərəfə keçməyib. İran prezidenti, verdiyi açıqlamalardan da anlaşıldığı kimi, “ölkəsinin strateji maraqlarını qorumaq” üçün Ərbilə gedib. İraqın şimalında 30 kilometr dərinlikdə olan Türkiyə bufer zonası “şiə ayparası”nı kəsəcək.

Bu isə İranın onilliklər boyu davam edən gərgin fəaliyyətinin nəticəsidir, İranın regional təsiri, demək olar onun beynəlxalq nüfuzu bununla bağlıdır. Əslində İran Türkiyənin İraqın şimalında xüsusi hərbi əməliyyat keçirmək hüququnu qəbul etmədiyini və yaratdığı “şiə ayparası”nı sona qədər müdafiə etməyə hazır olduğunu açıq şəkildə bildirir.

Maraqlıdır ki, Rəisi Ərbilə Türkiyə prezidentinin Vaşinqtona səfərini təxirə salması ilə bağlı Türkiyə-ABŞ diplomatik fikir ayrılıqları fonunda səfər edib. Ərdoğanın Vaşinqtona səfərinin əsas məqsədi xüsusi strateji əməliyyat mövzusunda razılığa gəlmək olub. Görünür, İran prezidenti bu “çat”dan istifadə etməyə və Türkiyənin əməliyyatına imkan verməməyə çalışır.

Yaxın Şərqdə Türkiyə-İran rəqabəti sanki daha da inkişaf edir. Bu yaxınlarda İranın ruhani liderinin müşaviri Vilayəti açıq mətnlə elan etdi ki, İran Türkiyəyə sərfəli olan Zəngəzur dəhlizinin açılmasına icazə verməyən yeganə ölkədir. İranın Azərbaycandakı keçmiş səfiri Süleymani də öz növbəsində Rusiyadan şikayət edib ki, İrana Cənubi Qafqazda heç nə qoymayıb.

Gələcəkdə hansı inkişaflar olacaq? Türkiyə terrorçulara qarşı planlaşdırılan xüsusi hərbi əməliyyata başlayacaqmı? İraqın mərkəzi hökuməti İran prezidentinin “tələbləri”nə qulaq asacaqmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   İraq  


Bizi "telegram"da izləyin